AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin əməkdaşları b.e.d. Dilzarə Ağayeva, elmi işçi Tamilla Mailova, kiçik elmi işçilər Xədicə Apbayeva, Elnarə İsgəndərli və Yaqut Yusifova yaz və yay mövsümü ərzində Daşkəsən rayonu və Göygöl Milli Parkında ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi göbələk müxtəlifliyini tədqiq etmək, patogen növləri və onların yayılma arealını müəyyənləşdirmək, qida və tibbi əhəmiyyətli makromisetləri araşdırmaqdan ibarət olub. Monitorinqlər Daşkəsən rayonunun Əmirvar, Xoşbulaq, Tapan və Zivlən kəndləri, Göygöl Milli Parkı üzrə Toğanalı, Aşıqlı, Çaykənd, Göygöl və Maralgöl ətrafında müxtəlif senozlarda aparılmışdır. Əhəmiyyətli sayda mikro- və makrogöbələk nümunələri toplanmış və əsasən təyin edilmişdir.
Bu növlərdən Aucularia messenterica, Byssomerulius corium, Pluteus romellii enliyarpaqlı ağac və kolların ölü oduncağında, Collybia brunneocephala oduncaqda, Agrocybe molesta otlar arasında, Clitocybe gibba, Melanoleuca melaleuca, Mycena sp. və s. üzvü maddələrlə zəngin döşənəkdə saprotrof, Gymnopus sp., Schizophyllum commune, Stereum ostrea həm saprotrof, həm də parazit formada, Hymenopellis sp. çürüyən oduncaqda rast gəlinir. Amanita rubescens mikorizal, yeməli, lakin məsləhət görülməyən, Hebeloma crustuliniforme mikorizal və zəhərli, Russula vesca mikorizal və yeməli, Polyporus tuberaster saprotrof və yeməli olaraq müəyyənləşdirilmişdir.
Təyin edilməmiş növlər arasında saprotroflar və ksilotroflara tez-tez rast gəlinən növlərdir. Bir sıra nümunələr laboratoriya şəraitində qidalı mühitə keçirildikdən sonra araşdırılacaqdır.