Arxiv
Botanika İnstitutunun əməkdaşlarının həmmüəllifi olduğu məqalə nüfuzlu elmi jurnalda çap olunub
02.10.2024

“2030 Bitki və Göbələk elmi toplaması haqqında Bəyannamə”

AR ETN Botanika İnstitutunun baş direktoru, b.e.d., prof. S.C.İbadullayeva və Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, b.e.d. D.N.Ağayevanın həmmüəllifi olduğu “The 2030 Declaration on Scientific Plant and Fungal Collecting” adlı məqalə nüfuzlu “Plants, People, Planet” jurnalında dərc edilmişdir. Qeyd edək ki, jurnalın qayəsi müxtəlif sahələr üzrə yeni, maraqlı və innovativ bitki yönümlü tədqiqatları vurğulamaq və müzakirə etmək üçün forum təqdim etməkdir. 2023-cü il üçün bu jurnalın Scopus bazası üzrə göstəricisi 9.9, Clarivate bazası üzrə impakt faktoru 3.7, istinad göstəricisi 1.05 kimi qeyd edilmişdir. Bu bəyannamənin tərkib hissələri Kral Botanika Bağlarında (Kyu, Böyük Britaniya) 2023-cü ildə keçirilmiş Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpozium zamanı müəyyən edilmiş, bir sıra plenar və seksiya iclaslarında geniş müzakirə olunmuş və məqalə şəklində tərtib edilmişdir. Məqalənin hazırlanmasında 46 fərqli təşkilatdan tədqiqatçılar iştirak etmişdir.

Məlumdur ki, bioloji nümunələr və onlarla əlaqəli məlumatlar biomüxtəlifliyin lazımi şəkildə qorunmasını və davamlı şəkildə istifadə edilməsini təmin etmək üçün alimlər, hökumətlər, siyasətçilər, praktiklər və icmalar tərəfindən istifadə olunan mühüm mənbədir. Bəyannamədə dünyanın flora və funqa müxtəlifliyini kataloqlaşdırma, əməkdaşlığın səmərəliliyini maksimallaşdırmaq, bilik mübadiləsini asanlaşdırmaq və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün aşağıda qeyd edilən beş öhdəlik nəzərdə tutulur: 1) sübuta əsaslanan toplama strategiyalarından istifadə; 2) yerli imkanların gücləndirilməsi; 3) taksa və fənlər üzrə əməkdaşlıq; 4) gələcək üçün toplamaq; 5) faydaların paylanması. Beynəlxalq, regional, milli və yerli səviyyələrdə keçirilən botaniki və mikoloji tədbirlərdə bu öhdəliklərin təşviqi üzrə səylərin genişləndirilməsi tövsiyə edilir.

DOI: 10.1002/ppp3.10569

https://doi.org/10.1002/ppp3.10569