Arxiv
ÇOX HÖRMƏTLİ İSA MÜƏLLİM!  
16.10.2024

 

Sizi - Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi adından anadan olmağınızın 75 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirik, Sizə möhkəm cansağlığı, uzun ömür, bütün şərəfli fəaliyyətlərinizdə uğurlar  arzulayırıq.

Sizin elmi, təşkilatçılıq, ictimai-siyasi fəaliyyətiniz elm adamlarına yaxşı məlumdur. Siz uzun müddət  Naxçıvan Dövlət Universitetinə rəhbərlik etmiş, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı kimi yüksək missiyaları layiqincə yerinə yetirmisiniz. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti kimi respublikamızda elmin inkişafı üçün perspektivli işlər həyata keçirirsizniz.

Hörmətli İsa müəllim, biz Sizi elmdə yenilik və islahatları sevən bir alim kimi tanıyırıq. İnanırıq ki, Siz bundan sonra da Azərbaycan elminin dünya səviyyəsinə yüksəlməsi  üçün uğurlu səylər göstərəcəksiniz. Söhbət təkcə öz profelinizdən deyil, yaradıcılığın istər teatr, rəssamlıq, musiqi, istərsə də memarlıq növündən getməsinə baxmayaraq, Siz həmişə mövzuya dair ətraflı bilik nümayiş etdirir, bu sənət növlərinin, eyni zamanda elmin müxtəlifliklərinin aktual problemlərini məharətlə ümumiləşdirirsiniz. Bu xüsusiyyət sizin yüksək peşəkarlığınızdan xəbər verir.

Hörmətli akademik, bir daha Sizi təbrik edirik, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaqsınız. Doğum gününüz mübarək!

 

Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi adından, İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva