Arxiv
Dosent Elman Yusifovun 65 yaşı tamam olur
17.10.2024

Bu gün Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri Elman Fərhad oğlu Yusifovun 65 yaşı tamam olur.

Hörmətli Elman müəllim!

Sizi - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi adından anadan olmağınızın 65 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayırıq.

Sizin elmi-ictimai yaradıcılıq fəaliyyətiniz olduqca geniş və çoxşaxəlidir. Riyaziyyatçılar Sizi riyaziyyatçı, zooloqlar  zooloq, botaniklər isə botanik kimi tanıyırlar. Siz bitkilər və heyvanlar aləmini dərindən bilən bir alim kimi Azərbaycanı qarış-qarış gəzərək nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərini professional kameranın yaddaşına köçurür, onların koordinasiyalarını təyin edirsiniz. Bu səbəbdən Azərbaycan Respublikası ərazisində flora və faunanın vəziyyəti haqqında rəsmi dövlət sənədi olan Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının 3-cü nəşrinin işıq üzü görməsində, həmçinin hazırda “Qarabağ florası”nın tərtib olunmasında Sizin əməyiniz böyükdür.

 Ölkəmizdə keçiriləcək COP-29 konfransında Azərbaycanın ekoloji problemlərini dünya ictimaiyyətinə çatdırmaq, eləcə də ətraf mühitin mühafizəsi sahəsində əldə edilmiş müsbət nəticələri bölüşmək üçün “Ecostyle-Azerbaijan”QHT-nın rəhbəri kimi müsahibələr vermiş, bu tədbirə ev sahibi edəcək ölkəmiz üçün mühüm tarixi hadisə olacağını və geniş imkanlar açacagını vurğulamısınız.

Bir daha Sizi təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi adından, İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva