Arxiv
Botanika İnstitutunda Pərvin Əsgərovanın dissertasiya işinin müdafiəsi keçirilib
31.10.2024

30 oktyabr 2024-cü il tarixində AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının iclası keçirilib. Dissertasiya Şurasının iclası biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilib. İclasda Dendrologiya İnstitutunun dissertantı Pərvin Səfər qızı Əsgərovanın “Magnoliaceae Juss. fəsiləsinin Magnolia L. və Liriodendron L. cinslərinə aid bəzi növlərin Abşeron şəraitində introduk­siyası və iqlimləşdirilməsi” mövzusunda  2417.01-“Botanika” ixtisasında Biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Elman İsgəndər, rəsmi opponentləri biologiya elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Pənah Muradov, biologiya elmlər doktoru, dosent Ədilə Ələsgərova, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovadır.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.

Pərvin Əsgərova tədqiqatın elmi yeniliyi kimi göstərib ki, ilk dəfə olaraq Abşeron şəraitində Magnolia L. və Liriodendron L. cinslərinə aid yeni növlər introduksiya edilmiş, bioloji və dekorativlik xüsusiyyətlərinin öyrənilməsi nəticəsində quru subtropik iqlim şəraitində ekoloji mühit amillərinə davamlı olduqları müəyyən olunmuşdur. İlk dəfə olaraq tədqiq olunan bitkilərin vegetasiya dövrü, bu dövrdə yerüstü və yeraltı orqanlarının böyüməsi, mövsümi inkişaf ritmi, meyvə və toxum məhsuldarlığı tədqiq edilmişdir. Öyrənilən növlərdə ilk dəfə olaraq çoxaldılmanın effektli üsulları, növlərin becərilmə aqrotexnikası öyrənilmiş, xəstəlik və zərərvericilər təyin edilməklə, əlverişli mübarizə üsulları müəyyən edilmişdir. Tədqiqat materialına aid bəzi növlərin tərkibindəki efir yağları və component tərkibi ilk dəfə olaraq araşdırılmışdır. Mədəni tədqiq olunan bitkilər introduksiya perspektivliyinə görə yüksək perspektivli (3 növ - Magnolia grandiflora, Magnolia kobus, Magnolia liliiflora), perspektivli (1 növ - Liriodendron tuliipifera) növlər kimi qiymətləndirilmiş, növlərin az perspektivli (IV), perspektivsiz (V ) və yararsız (VI) qruplara daxil olmadığı və ex situ şəraitində öz həyat formalarını dəyişmədikləri aşkar edilmişdir. İlk dəfə olaraq Abşeronda introduksiya olunan yeni növlərin bioekoloji xüsusiyyətləri elmi əsaslarla araşdırılmış və öyrənilmişdir.

İddiaçının dissertasiya işi üzrə 9-u məqalə, 3-ü tezis olmaqla 12 elmi əsəri nəşr olunmuşdur.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Pərvin Əsgərova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.