AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn vətən övladlarının əziz xatirəsinin heç zaman unudulmayacağını diqqətə çatdıran professor qazilərə və veteranlara can sağlığı arzulayıb. Zəfərdə payı olan hər kəsi bu gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Sonda direktor İnstitutun əməkdaşı, müharibə veteranı Fərid Nəsirullayevi Zəfər Günü münasibəti ilə təbrik edib, Vətən müharibəsində fəal iştirakına və institutdakı fəaliyyətinə görə fəxri fərmanla təltif edib.