AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri , biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyeva və şuranın katibi Emin Hüsüyev 2-5 dekabr 2024-cü il tarixlərində Şuşa şəhərində Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” forumunda iştirak ediblər. Forum çərçivəsində təşkil olunan İƏT-yə üzv dövlətlərin gənc alim və mütəxəssislərinin iştirakı ilə SİNA forumunda A. Hüsüyeva “How “Eco-Friendly” are Biopolymers for the Islamic World“ adlı mövzu üzrə çıxış edib. Gənc alim təbiətdə rast gəlinən və canlı orqanizmlərin tərkibində olan biopolimerlərin mənbələri, istehsalı və tətbiqi barədə ətraflı məlumat verib.
Forumda Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Gənclər və İdman naziri Fərid Qayıbov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər çıxış ediblər. Sonda "Gənclər Paytaxtı"nın simvolik açarı Mərakeş rəsmilərinə təqdim edilib. Beləliklə də "İƏT Gənclər Paytaxtı" Gənclər Forumunun gələn il Mərakeşdə keçiriləcəyi elan olunub.