Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi İnstitutun əməkdaşları müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri, böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İnstitutun icraçı direktoru, biologiya elmlər doktoru, professor Şakir Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu anım günündə biz onun əziz xatirəsini hörmətlə yad edir, ruhu qarşısında ehtiramla baş əyirik.
Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.