Arxiv
Əməkdar elm xadimi Siracəddin Sərkərov-90 il
29.12.2024

Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Vəli oğlu Sərkərovun 90 yaşı tamam olub.

S.V.Sərkərov 28 dekabr 1934-cü ildə Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olmuşdur. 1952-ci ildə orta təhsilini uğurla başa vuran S.V.Sərkərov Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş və əla qiymətlərlə bitirmişdir. 1961-ci ildə o, Botanika İnstitutunun aspiranturasına (hazırki doktorantura) daxil olmuş və təhsil müddətində SSRİ EA-nın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Botanika İnstitutunun “Təbii birləşmələrin kimyası” laboratoriyasına ezam olunmuşdur. 1964-cü ilə qədər həmin laboratoriyada seçdiyi ixtisas üzrə tədqiqatlar apararaq, böyük təcrübə toplayan S.V.Sərkərov 1967-ci ildə SSRİ EA N.D.Zelinski adına Üzvi kimya İnstitutunda namizədlik (hazırki fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etmişdir. Bundan sonra alim 1991-ci ildə Özbəkistan EA-nın akademik A.S.Sadıkov adına Bioüzvi maddələrin kimyası İnstitutunda doktorluq dissertasiya işini uğurla müdafiə etmişdir.

O, AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsində aspirant kimi fəaliyyətə başlamış və 60 ilə yaxın bir müddətdə (1964-2022) həmin şöbədə müxtəlif vəzifələrdə, 2004-cü ildən ömrünün sonuna qədər isə baş elmi işçi vəzifəsində çalışmışdır. Botanika İnstitutunda işlədiyi uzun illər ərzində o, həmişə işgüzarlığı, prinsipial mövqeyi və alicənablığı ilə seçilmişdir.

S.V.Sərkərov tərəfindən 40-dan çox bitki növlərindən müxtəlif birləşmələr sinfinə aid 200-ə yaxın maddə fərdi şəkildə alınmış, 300-dən çox maddə identifikasiya edilmiş və elm üçün yeni olan 45 maddənin fəza quruluş formulları təyin edilmişdir. Həmçinin alınmış fərdi maddələrin yeni dərman preparatlarının yaradılmasında tətbiq imkanları müəyyən edilmiş və bitki sistematikasının növ mənsubiyyətinə aid mübahisəli məsələlərin həllində - xemotaksonomiyasında istifadə edilməsi tövsiyə olunmuşdur. Onun tədqiqat işlərinin nəticələri respublikada və xaricdə çıxan nüfuzlu dərgilərdə öz əksini tapmışdır. O, yüksək istinad indeksinin əksəriyyət təşkil etdiyi 300-ə yaxın elmi əsərin (75-dən çoxu ABŞ-ın Springer nəşriyyatında çapdan çıxan Chemistry of Natural Compounds jurnalında dərc olunmuş), o cümlədən 2 monoqrafiya, 5 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir. S.V.Sərkərovun məruzələri iştirak etdiyi bir sıra Beynəlxalq konqres, konfrans və simpoziumlarda həmişə maraqla dinlənilmiş və dəyərləndirilmişdir.

S.V.Sərkərov Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.

Yaşasaydı, daha çox yaradardı... Təəssüf ki, 19 aprel 2022-ci il gecəsi onun bu dünya ilə vida gecəsi oldu. Alim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişərək, əbədiyyətə qovuşdu. Allah ona qəni-qəni rəhmət eləsin.

İllər ötsə də Botanika İnstitutunun kollektivi professor Siracəddin Sərkərovu heç zaman unutmayacaq, dərin hörmət və sevgi ilə anacaq.