Arxiv
Botanika İnstitutunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib
30.01.2025

Yanvarın 30-da  AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Bakı Dövlət Universitetinin qiyabi aspirantı Kəmalə Adil qızı Əsədovanın 2417.01 – Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Kür-Araz ovalığının Mil düzünün florası və bitkiliyi" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının iclası professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. 

İşin elmi rəhbəri biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəsmi opponentləri biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxanidir.

İddiaçı dissertasiyanın əsas müddəalarını geniş şərh edib. O, tədqiqatın əsas məqsədi Kür-Araz ovalığının Mil düzünün flora müxtəlifliyinin taksonomik konspektini tərtib etmək, taksonların (şöbə, sinif, fəsilə, cins, növ) yeni nomenklaturaya uyğun olaraq təhlilini vermək, onların biomorfoloji, ekoloji, botaniki-coğrafi təsnifatını hazırlamaq, mühafizə statuslu növlərin azalma səbəblərini araşdırmaq, o cümlədən təbii bitkiliyin ekoloji-geobotaniki parametrlərini araşdırmaqla müasir vəziyyətini xəritələndirməkdən ibarətdir. Mil düzündə aparılan ekoloji-geobotaniki tədqiqatlar və kameral-floristik araşdırmalar nəticəsində ərazinin yabanı florasının konspekti müəyyənləşdirilmişdir. Tədqiqatın elmi yeniliyi kimi ərazinin yabanı florasında 73 fəsilə, 328 cinsə aid 656 növ ali bitki müəyyən edilmişdir; bunlardan 7 növü ali sporlu, 3 növü çılpaqtoxumlular, 646 növü örtülütoxumlu və yaxud çiçəkli bitkilər şöbəsinə, o cümlədən 170 növü birləpəlilər və 476 növü isə ikiləpəlilər sinfinə aid olduğu göstərilmişdir.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Gizli səsvermənin nəticələrinə əsasən, Kəmalə Əsədovanın  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.