Arxiv
Botanika İnstitutunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib
25.04.2025

Aprelin 25-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Fəridə Vaqif qızı Paşayevanın 2417.01 – Botanika İxtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın şimal-şərq hissəsinin erkən yaz florasının fitosenoloji tərkibi və istifadə perspektivləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya şurasının iclası professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub.

İşin elmi rəhbəri biologiya elmləri doktoru, professor Aynur Bayramova, rəsmi opponentləri AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Tariyel Talıbov, biologiya elmləri doktoru, professor Elman İsgəndər, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevadır.

İddiaçı dissertasiyanın əsas müddəalarını geniş şərh edib. O, tədqiqatın əsas məqsədinin KQŞŞ hissəsinin erkən yaz florasının taksonomik tərkibi, ərazinin bitki örtüyünün xüsusiyyətlərinin araşdırılması, fərdlərinin sayında azalma tendensiyası izlənilən bəzi növlərin ontogenezinin və senopopulyasiyalarının tədqiqi, iqlim və antropogen amillərin flora və bitkiliyə təsirini araşdırmaqdan ibarət olduğunu vurğulayıb. Tədqiqatın elmi yeniliyi kimi KQŞŞ hissəsinin erkən yaz florası 2 şöbə, 3 sinif, 5 alt sinif, 28 sıra, 53 fəsilə və 142 cinsə aid 256 növlə (onlardan 17-si yarımnöv və 2-si variasiya), həyati formalar, endemizm, itmə və məhv olma təhlükəsində olan növləri təhlil olunmuş, o cümlədən bitkiliyin müasir sisteminə görə təsnifatı aparılmış, fərdlərinin sayı azalmaqda olan 6 növün (Listera ovata (L.) R.Br., Cephalanthera rubra (L.) Rich., Epipactis palustris (L.) Crantz və Primula macrocalyx Bunge, Viola odorata L., Corydalis cava subsp. marschalliana (Willd.) Hayek) yeni rastgəlmə yerləri müəyyən olunmuş, 8 areal tipi, 24 areal sinfinə malik olan növlər göstərilmişdir.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Gizli səsvermənin nəticələrinə əsasən, Fəridə Paşayevanın  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.