Arxiv
Biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Qəniyevanın yubileyi qeyd olunub
19.05.2025

AR ETN Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Əbdüləhəd qızı Qəniyevanın 80 yaşı tamam olur.
R.Qəniyeva 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirmişdir. 1988-ci ildə Tbilisi Dövlət Universiteti nəzdində, 03.00.02 biofizika ixtisası üzrə fəaliyyət göstərən D.057.0519 ixtisaslaşmış şurada “Xloroplastların ilkin və qranlara birləşmiş tilakoidlərinin molekulyar-funksional quruluşu” mövzusunda dissertasiya müdafiə etmişdir. 1992-ci ildən böyük elmi işçi, 2004-cü ildən aparıcı elmi işçi kimi çalışır. O,152 elmi əsərin müəllifidir.

Hörmətli Rəna xanım!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun kollektivi Sizi - 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayır!

Dəyərli Rəna xanım! Bu əlamətdar tarix müdrikliyin və zəngin təcrübənin ahəngdar birləşməsinin simvoludur. Sizin peşəkar təcrübəniz, əzmlə işləmək bacarığınız Sizə yüksək nüfuz və hörmət qazandırmışdır! Uğur Sizi hər işdə müşayiət etsin!

80 illik yubiley Sizin çoxillik əməyinizə, elmə fədakarlıqla yanaşmağınıza və tükənməz enerjinizə görə dərin hörmət və minnətdarlığımızı bildirmək üçün gözəl fürsətdir. Həyatı bu qədər bilən insanla ünsiyyətdə olmaq bizi həmişə daxilən zənginləşdirir.

Hörmətli Rəna xanım, yubileyiniz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul edin. Sizə cansağlığı, firavanlıq, işlərinizdə uğurlar arzulayırıq!

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Botanika İnstitutunun kollektivi adından, İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva.