AR ETN Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Yardımlı rayonunda ekspedisiyada olublar. Ekspedisiya laboratoriyanın tematik planı üzrə alqoflora, brioflora və lixenofloranın biomüxtəlifliyinin müqayisəli təhlili məqsədi ilə həyata keçirilib.
Ekspedisiya müddətində əməkdaşlar tərəfindən Yardımlı rayonunun Bozayran, Bilnə, Gavran, Şəfəqli, Pirembel, Avaş, Deman, Mirimli, Nisəqələ, Çay Üzü kəndlərinin ərazisindən 10 marşrut üzrə 30 yosun, 49 şibyə və 42 mamır növü toplanılıb. Tədqiqat işləri dəniz səviyyəsindən 1068 m-dən 1423 m hündürlüyündə aparılıb. Alqoloji tədqiqatlar nəticəsində müəyyən olunub ki, Yardımlı rayonunun su hövzələrində əsasən yaşıl, göy-yaşıl və diatom yosunlar aşkar edilib. Yosun nümunələrinin identifikasiyası laborator şəraitdə təyin olunacaq. Ərazilərdə ekoloji qruplara görə epifit, epilit, epigey şibyələr müşahidə edilib. Epilitlərdən dəniz səviyyəsindən 1442 m hündürlüyündə yerləşən qayaların üzərində geniş yayılan Caloplaca və Rusavskia cinsinə aid şibyələr müşahidə olunub. Brioloji tədqiqatlar nəticəsində ərazidə yeni və elmi baxımdan əhəmiyyətli yarpaqgövdəli mamır növlərinin aşkar olunması əsas tədqiqat istiqamətlərindən biri kimi müəyyən edilib. Tədqiqatlar zamanı vizual olaraq dominantlıq təşkil edən Anomodontaceae, Neckeraceae, Hypnaceae, Mniaceae, Dicranaceae, Orthotrichaceae, Leucodontaceae fəsilələrinə aid mamır növlərinin olması müşahidə olunub. Yığılan nümunələr etiketləşdirilib və təyin işlərinin aparılması üçün hazırlanıb. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edilməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühüm rol oynayacaq.