Arxiv
Botanika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
26.05.2025

AR ETN Botanika İnstitutunun əməkdaşları biologiya elmləri doktoru, dosent Sevda Alverdiyeva, biologiya üzrə fəlsəfə doktorları, dosent Pərvanə Qaraxani, dosent Nuri Mövsümova, dosent Arzu Hüseynova Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər. Müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilmiş beynəlxalq elmi konfrans 16 bölmə iclasından ibarət olub.

Konfransda biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova “Qarabağın aran ərazilərində etnobotaniki tədqiqlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və mövzu ətrafında müzakirə aparılıb. Biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani İnstitutun Herbari Fondunun yaradılmasının tarixi və hazırda Fondun vəziyyəti haqqında geniş məlumat verib.

Qeyd edək ki, konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.