AR ETN Botanika İnstitutunda keçirilən “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans davam edir. Tədbirin ikinci günü Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirildi.
İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutan tədbirdə yerli və xarici alimlər iştirak edirdi.
Seminarda professor S.İbadullayevanın “Meşələrin idarə olunması və meşə təsərrüfatlarının yaradılması”, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Péter Ódor və Pilis Park Meşə Təsərrüfatı Şirkətinin direktor müavini Dr. Péter Csépányi “Macarıstanda meşələrin idarə edilməsi və mühafizəsi”, Ekoloji Tədqiqatlar Mərkəzinin əməkdaşları Dr. László Demeter “Mülayim palıd meşələrinin inteqrativ idarə edilməsi üçün tarixi və indiki biliklərin sintezi” və professor Zsolt Molnár “Torpağın daha yaxşı idarə edilməsi və mühafizəsi üçün yerli torpaq istifadəçiləri ilə əməkdaşlıq və biliklərin birgə istehsalı” mövzularında maraqlı təqdimatlarla çıxış etdilər. Prof. Zsolt Molnár təqdimatında “Çoban Laszlo Safián ilə otlaqda günorta” adlı sənədli filim nümayiş olundu. Mövzular ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.
Tədbirdə professor S. İbadullayeva meşələrin qorunması və bərpasına dair müştərək layihələrin və tədqiqatların aparılması, gənc kadrların təcrübə proqramında iştirakı məsələlərini macarıstanlı alimlərlə birgə müzakirə etdi, AR ETN Botanika İnstitutda “Meşə qrupu”nun yaradılması ilə bağlı qərar qəbul olundu.
Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar iştirakçılar arasında interaktiv oyun keçirdi, qaliblər simvolik hədiyyələrlə mükafatlandırıldı.
Sonda professor Səyyarə İbadullayeva tərəfindən konfransın fəal iştirakçılarına sertifikat təqdim olundu.