İyunun 30-da AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya şurasının iclasında Ülkər Mahmud qızı Məmmədovanın 2417.01-Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikasının florasında yayılan Pişikotukimilərin (Valerianaceae Batsch.) bioekoloji xüsusiyyətləri, ehtiyatı və bəzi növlərinin fitokimyəvi tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib.
Dissertasiya şurasının iclası professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub.
İşin elmi rəhbərləri biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Tariyel Talıbov və biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərovadır.
Rəsmi opponentləri biologiya elmləri doktoru, professor Elman İsgəndər, biologiya elmləri doktoru Humirə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Məmmədovadır.
İddiaçı dissertasiyanı şərh edərkən bildirib ki, tədqiqat obyekti olaraq Naxçıvan Muxtar Respublikasında yayılmış Valerianaceae Batsch - Pişikotukimilər fəsiləsinə daxil olan növlər götürülmüş, onların müasir vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Tədqiqat predmeti olaraq isə üstün faydalı, xüsusən iqtisadi dəyəri olan, dərman əhəmiyyətinə görə fərqlənən növlər seçilmiş, onların botaniki xüsusiyyətləri, təbii ehtiyatının mövcud vəziyyəti, bitkilik tiplərində rolu, nadir və ya nəsli kəsilməkdə olma səbəbləri öyrənilib, mühafizə yolları tədqiq edilmişdir. Tədqiqat işinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası biomüxtəlifliyində Pişikotukimilər fəsiləsinə daxil olan növlərin taksonomik tərkibinin dəqiqləşdirilməsi, yayılma zonaları nəzərə alınmaqla bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və faydalı xüsusiyyətləri ilə seçilən növlərin bitkilik tipində rolu və istifadə imkanlarının elmi əsaslarının hazırlanmasıdır.
Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Gizli səsvermənin nəticələrinə əsasən, Ülkər Məmmədova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.