AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Şəkər Muxtarova və elmi işçi Aytac Muradova Qərbi Kaspi Universitetinin Giləzi Elmi Tədqiqat Bazasında keçirilən “Xəzər dənizinin bu günkü ekologiyası – bərpası və ya deqradasiyası: perspektivlər” mövzusunda Beynəlxalq Akademik Simpoziumda iştirak edib.
Simpoziumun əsas məqsədi Xəzər dənizinin mövcud ekoloji və bioekoloji vəziyyətinin hərtərəfli öyrənilməsi, ekosistemdə baş verən dəyişikliklərin səbəb və nəticələrinin elmi əsaslarla müzakirəsi, habelə dənizin bərpası və davamlı idarəetmə imkanlarının müəyyənləşdirilməsi olub.
Tədbirdə yerli və xarici ölkələrdən tanınmış elm adamları, dövlət qurumlarının nümayəndələri və ekoloji sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Simpoziumda Ş.Muxtarova "Биотехнологии искусственного культивирования водорослей Каспийского моря в открытых водоемах для поглощения углекислого газа и его компенсации при промышленных выбросах" və A.Muradova "The modern State of the Algal Flora the Caspian Sea" mövzularında çıxış ediblər.
Simpozium xüsusilə gənc tədqiqatçılar üçün yeni elmi nəticələrin təqdimatı və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbirdə Xəzər dənizində çirklənmə, bioloji müxtəlifliyin azalması, iqlim dəyişikliyi, antropogen təsirlər və təbii balansın pozulması kimi aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, dəniz ekosistemində yaşayan flora və faunanın bioekoloji xüsusiyyətləri, populyasiya dinamikası, növlərarası münasibətlər və uyğunlaşma mexanizmləri haqqında elmi diskussiyalar aparılıb. Simpozium zamanı su bioresurslarının qorunması, ekosistemin sağlamlaşdırılması və dayanıqlı inkişafı üçün yeni yanaşmalar və tövsiyələr irəli sürülüb.