Arxiv
Professor Aydın Əsgərovun həmmüəllif olduğu məqalə Yüzüncü Yıl Üniversitesi Tarım Bilimleri Dergisində nəşr olunub
10.10.2025

AR ETN Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Aydın Əsgərovun həmmüəllif olduğu “Azərbaycanda yabanı vələmir  (Avena L.) populyasiyalarının yayılması və biomorfoloji qiymətləndirilməsi” adlı məqalə Scopus elmi bazasına daxil olan Yüzüncü Yıl Üniversitesi Tarım Bilimleri Dergisində (Tübitak) işıq üzü görüb.

Məqalədə Azərbaycanda yabanı vələmir (Avena L.) növlərinin biomorfoloji xüsusiyyətlərinin və yayılmasının öyrənilməsindən bəhs edilir. Araşdırmalar çərçivəsində Azərbaycanın müxtəlif  bölgələrindən toplanmış 10 vələmir növü üzərində biomorfoloji qiymətləndirmələr aparılıb, 29 kəmiyyət və 16 keyfiyyət göstəricisi qeydə alınıb, ekocoğrafi və fitosenoloji xüsusiyyətlər də tədqiq edilib. 2019–2024-cü illər ərzində ölkənin bütün botaniki-coğrafi bölgələrini əhatə edən 50 marşrut üzrə aparılan ekspedisiyalar zamanı ümumi olaraq 230 herbari nümunəsi və toxum materialı toplanılıb. Növlərin yayılma xəritəsi tərtib olunub, coğrafi koordinatları qeydə alınıb. Tədqiqat nəticəsində məlum olub ki,  vələmir növlərinin populyasiyaları əsasən Abşeron və Kür-Araz ovalığı kimi botaniki-coğrafi bölgələrdə daha geniş  yayılmışdır. Geobotaniki və floristik tədqiqatlar göstərir ki, vələmir  növləri geniş şəkildə taxıl-paxlalı qarışıq bitki birliklərində, kserofil kolluqların assosiasiyalarında, müxtəlif ot bitkiliyində, yol kənarlarında, əkin sahələrində, çəmənliklərdə və sahil qumluqlarında yayılmışdır. Klaster analizi nəticəsində bu cinsin növlərinin morfoloji əlamətlərinə əsasən iki əsas qrupa ayrılması müəyyən edilmişdir. I qrupa Aristulatae Malz. altbölməsinə daxil olan növlər, II qrupa isə Denticulatae Malz. altbölməsinə aid növlər daxil edilir.