İsveçrə Milli Elm Fondunun (SNSF) dəstəyi ilə AR ETN Botanika İnstitutu və İsveçrə Meşə, Qar, Landşaft Federal Tədqiqat İnstitutu (WSL) arasında “Azərbaycanda ağaclarla əlaqəli patogen göbələklər və oomisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı ikitərəfli layihə çərçivəsində Mikologiya və ibtidai bitkilər şöbəsinin nəzdində iki yeni – mikoloji və molekulyar bioloji laboratoriya yaradılıb. 16 oktyabr 2025-ci il tarixində yeni laboratoriyaların rəsmi açılış tədbiri keçirilib.
Tədbiri İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq qonaqları salamlayıb, institutun fəaliyyəti barədə geniş məlumat verib. İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri cənab Tomas Ştəli və AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov institutda açılan yeni laboratoriyaların tədqiqat işinə verəcəyi töhfəni yüksək qiymətləndirib, bu barədə öz təklif və arzularını bildirib. Layihənin Azərbaycan tərəfindən rəhbəri biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva və layihənin aparıcı elmi işçisi Dr. Karolina Korneco bir il ərzində görülən işlər, laboratoriyaların dizaynı, iş imkanları və laboratoriyada çalışacaq kadr hazırlığı barəsində ətraflı məlumat təqdim ediblər.