29 oktyabr AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, b.ü.f.d. Aygün Sahib qızı Sərdarovanın 2417.01-“Botanika” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın dağlıq ərazisində yayılmış bəzi dərman bitkilərinin ex situ və in situ şəraitində ekoloji-anatomik tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işi müdafiə olunub.
Dissertasiya işinin elmi məsləhətçisi, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, rəsmi opponentləri AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, professor Tariyel Talıbov, biologiya elmləri doktoru, professor Elman İsgəndər, biologiya elmləri doktoru, dosent Fatmaxanım Nəbiyeva, biologiya elmləri doktoru Humirə Hüseynovadır.
İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qoyulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib.
Aygün Sərdarova tədqiqatın elmi yeniliyi kimi göstərib ki, ilk dəfə olaraq Azərbaycan florasında dərman bitkilərinin in situ və ex situ şəraitdə ekoloji-anatomik adaptasiya strukturları kvantitativ əsaslarla müqayisəli şəkildə tədqiq edilib, ekotop əsaslı differensiasiya və adaptiv mexanizmlərin metodoloji bazası elmi cəhətdən müəyyən edilib. Tibbdə və xalq təbabətində geniş istifadə olunan 20 növ dərman bitkisinin ex situ və in situ şəraitdə iki ekotip nümunəsinin müqayisəli anatomik analizi zamanı hər növ üzrə konkret elmi yenilik əsaslı nəticələr əldə olunub.
İddiaçı dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 28 məqalə və 6 tezis olmaqla 34 əsərin çap edildiyini bildirib.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Aygün Sərdarovaya biologiya elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.