30 oktyabr AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, ə.ü.f.d Elvin Hacı oğlu Kərimlinin 2432.01-“Bioloji ehtiyatlar” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan florasında Asteraceae Giseke. və Apiaceae Lindl. fəsilələrinin bəzi növlərinin fitokimyəvi tədqiqi və resurs potensialı” mövzusunda təqdim etdiyi dissertasiya işi müdafiə olunub.
Dissertasiya işinin elmi məsləhətçisi, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, rəsmi opponentləri AMEA-nın müxbir üzvləri, biologiya elmləri doktorları, professor Vaqif Novruzov və professor İlham Şahmuradov, biologiya elmləri doktoru, professor Ziyəddin Məmmədov, əczaçılıq elmləri doktoru, dosent Cəmilə Yusifovadır.
İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qoyulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib.
Elvin Kərimli tədqiqatın elmi yeniliyi kimi göstərib ki, ilk dəfə olaraq Azərbaycan florasının Asterkimilər Achillea L. və Artemisia L. cinslərinə aid iki növün və eləcə də Kərəvizkimilər fəsiləsinin Ferula L. cinsinə aid iki növün kimyəvi tərkibi fitokimyəvi, xromatoqrafik və müasir spektroskopiya metodlarından istifadə edərək tədqiq edilib. QX‒KS, (1D) və (2D) ölçülü NMR spektroskopik və rentgen struktur analiz üsullarının köməyi ilə maddələr öyrənilib. İlk dəfə olaraq Ferula persica köklərindən alınmış badrakemin, badxızidinin birləşmələrinin kvant kimyəvi hesablanması aparılıb, rentgen-struktur analizi edilib. Ferula persica və Ferula caucasica növlərinin kök və meyvələrinin ilk dəfə olaraq efir yağı və makro-mikroelement tərkibi öyrənilib.
İddiaçı dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 13 məqalə və 10 tezis olmaqla 23 əsərin çap edildiyini bildirib.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Elvin Kərimliyə biologiya elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.