AR ETN Botanika İnstitutunda fəaliyyət göstərən şöbə və laboratoriyaların 2025-ci ildə elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat iclasları başa çatıb.
Elmi Şuranın sədri, institutun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçən iclaslarda institutun şura üzvləri, şöbə və laboratoriya müdirləri və əməkdaşları iştirak ediblər.
Şöbə və laboratoriya müdirləri hesabat məruzələri ilə çıxış edərək cari ildə yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat veriblər. Sonra struktur bölmələrdə çalışan əməkdaşların ayrı-ayrılıqda plana uyğun icraçısı olduğu iş, mərhələ və ya bölmələr üzrə hesabatları dinlənilib.
Qeyd olunub ki, 2025-ci ildə institutun əməkdaşları tərəfindən 1 kitab, 1 məlumat kitabı, 1 kitab fəsli, 2 buklet, 4 jurnal, 133 elmi əsər dərc edilmişdir.
Şura üzvləri tərəfindən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.