Özbəkistan Respublikasının Dərman bitkilərinin yetişdirilməsi və emalı üzrə Elmi-İstehsal Mərkəzinin alimləri Nəzər Rüstəmov və Erqaşev Zafarjanoviç ETN Botanika İnstitutu publik hüquqi şəxsi ziyarət ediblər.
İnstitutun direktor vəzifəsini icra edən, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva və digər əməkdaşların iştirakı ilə keçən görüşdə özbəkistanlı mütəxəssislərə son illərdə institutun çoxşaxəli beynəlxalq elmi əlaqələri, dünyanın müxtəlif aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən müştərək layihələri haqqında geniş məlumat verilib.
Qonaqlar Botanika Institutunun Herbari Fondu, yeni yaradılan laboratoriyalar və Toxum bankı ilə tanış olublar. Toxum bankında saxlanılan Azərbaycan florasına aid toxum nümunələri xarici mütəxəssislərin marağını cəlb edib. Alimlər burada qarşılıqlı kadr və təcrübə mübadiləsi, toxum nümunələrinin mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkilinə dair geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. Eyni zamanda hər iki qurum arasında toxum mübadiləsi aparılıb.
Botanika İnstitutu publik hüquqi şəxs ilə Özbəkistan Respublikasının Dərman bitkilərinin yetişdirilməsi və emalı üzrə Elmi-İstehsal Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, memorandum imzalanmasına dair razılıq əldə olunub.