Arxiv
Zaqatalada brioloji tədqiqatlar aparılıb
03.06.2026

AR ETN Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzinin əməkdaşları tərəfindən Zaqatala rayonunda mamır nümunələrinin toplanması və monitorinqinin aparılması məqsədilə ekspedisiya həyata keçirilib.

Ekspedisiya müddətində Zaqatala Dövlət Təbiət Qoruğu, Qəbizdərə, Katex çayının sol sahili, Muxax, Aşağı Tala, Mazıx, Car, Kebeloba, Axaxdərə və Tarixlər kəndləri ərazilərində monitorinqlər aparılıb, müxtəlif ekosistemlərdən brioloji nümunələr götürülüb. Marchantiaceae, Polytrichaceae, Funariaceae, Dicranaceae, Pottiaceae, Bryaceae, Hypnaceae, Hylocomiaceae və digər fəsilələrə aid növlərin herbari materialları toplanaraq ilkin təyinat işləri həyata keçirilib.

Aparılan ilkin müşahidələr nəticəsində toplanmış materiallar arasında Azərbaycan brioflorası üçün yeni hesab olunan iki mamır növü müəyyənləşdirilib. Bununla yanaşı, nadir mamır növləri də müəyyən olunub ki, bu da regionun brioloji müxtəlifliyinin yüksək olduğunu göstərir.

Götürülən nümunələrin laboratoriya şəraitində mikroskopik təyinatı, analizləri və identifikasiyası həyata keçiriləcək.