İyunun 29-da AR ETN Botanika İnstitutu PHŞ-nin nəzdində fəaliyyət göstərən FD 1.26 Dissertasiya şurasının iclasında Aysel Rövşən qızı Heydərovanın 2417.01-“Botanika” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Darıdağ ərazisinin florası və onun istifadə perspektivliyi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib.
Dissertasiya şurasının iclası professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub.
İşin elmi rəhbəri biologiya elmləri doktoru, professor Daşqın Qənbərovdur.
Rəsmi opponentləri biologiya elmləri doktoru, professor Sevda Əhmədova, biologiya elmləri doktoru Humirə Hüseynova, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Gülnarə Şirəliyevadır.
İddiaçı dissertasiyanı şərh edərkən bildirib ki, tədqiqat ərazisində 33 cins üzrə 46 nadir və nəsli kəsilməkdə olan bitki növü müəyyən edilmişdir. Sahə tədqiqatları zamanı Hedysarum atropatanum Bunge ex Boiss. növünün bu ərazidə yayılması ilk dəfə qeydə alınmış və bununla da onun regional arealına yeni lokal sahə əlavə edilmişdir. H.atropatanum və Onobrychis buhseana Bunge ex Boiss. növlərinin populyasiyaları qiymətləndirilmiş, fərdlərin bərpa olunma indeksinin orta göstəricisi, yaş indeksi, effektivlik indeksi və s. tədqiq edilmişdir. İlk dəfə olaraq, Darıdağ ərazisində örüş sahələrinin tutumu hesablanmış, qış dövründə 1 hektara düşən ən yüksək otlaq tutumu ətirli yovşanlıq fitosenozunda müəyyən edilmişdir. Darıdağ florasında 134 faydalı bitki növünün istifadə istiqamətləri araşdırılmış və təsnif edilmişdir. Tədqiqat işinin əsas məqsədi Darıdağ florasında yayılan çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin müasir taksonomik təhlilinin verilməsi, həyati formalarının və botaniki-coğrafi yayılma xüsusiyyətlərinin təhlili, bitki örtüyünün hazırkı vəziyyətinin ətraflı öyrənilməsi və bitkilik tiplərinin tipoloji vahidlər üzrə təsnifi, bəzi perspektivli növlərin fitosenoloji strukturunun tədqiq edilməsidir.
Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Gizli səsvermənin nəticələrinə əsasən, Aysel Heydərova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.