Arxiv
Zaqatala rayonunda flora müxtəlifliyi və nadir bitkilər öyrənilib
30.06.2026

AR ETN Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqat mərkəzinin əməkdaşları Zaqatala rayonu və ətraf ərazilərində ekspedisiya həyata keçiriblər.

Mövzu planı üzrə aparılan ekspedisiyanın əsas məqsədi bitki müxtəlifliyinin öyrənilməsi, fenoloji müşahidələrin aparılması, mövsümi bitki nümunələrinin toplanması, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş növlərin monitorinqi, həmçinin Botanika İnstitutunun Herbari fondunun və Toxum bankının zənginləşdirilməsi olub.

Tədqiqatlar Zaqatala Dövlət Təbiət Qoruğu, Qəbizdərə, Mazıx, Katex çayı ətrafı, Car, Aşağı Tala, Əliabad, Zəyəm, Tarixlər, Keleloba və Axaxdərə kəndləri istiqamətində aparılıb. Regionun meşə və dağətəyi ekosistemlərində flora müxtəlifliyi araşdırılıb, müxtəlif bitki növləri üzərində monitorinqlər həyata keçirilib.

Ekspedisiya zamanı isti hava şəraiti və mövsümün xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir, endemik və xüsusi mühafizə əhəmiyyətli bitki növlərinin yayılma vəziyyəti öyrənilib. Bu növlər üzrə monitorinqlər aparılıb, müşahidə nöqtələrinin GPS koordinatları qeydə alınıb və onların populyasiya vəziyyəti qiymətləndirilib.

Sahə tədqiqatları nəticəsində Hypericaceae, Aspleniaceae, Brassicaceae, Ranunculaceae, Fabaceae, Polygonaceae, Poaceae, Rosaceae, Malvaceae və digər fəsilələrə aid çoxsaylı bitki və toxum nümunələri toplanaraq identifikasiya olunub və herbariləşdirilib. İlkin təyinatlara əsasən 22 fəsilə, 25 cins və 40 növə aid bitkilər, həmçinin 15 mamır növü müəyyənləşdirilib. Ümumilikdə 80–dan  çox bitki nümunələri toplanılıb.