Arxiv
"Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi" kitabının I cildi nəşr olunub
03.07.2026

"Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi" adlı kitabın I cildi nəşr olunub. 680 səhifədən ibarət olan nəşr Azərbaycanın faydalı bitkilərinin elmi adlandırılması və tarix boyu tətbiq sahələrinin elmi təhlilinə həsr edilmiş fundamental tədqiqat əsəridir.

Kitabın elmi redaktoru professor Səyyarə İbadullayeva, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Aydın Əsgərovdur. Müəllifləri professor Səyyarə İbadullayeva, dosent Ramiz Ələkbərov, dosent Gülnarə Şirəliyeva, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva, doktorant Venera Əhmədova və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin böyük eksperti Pərvanə Rüstəmovadır.

Kitabda müxtəlif bitki növlərinin ilk dəfə necə və kim tərəfindən adlandırılması, həmin dövrdə tətbiq olunan sistematik prinsiplər, eləcə də bu adların müasir botanika üçün əhəmiyyəti geniş şəkildə şərh edilir. Bununla yanaşı, bitkilərin etnobotaniki, farmakoloji və ekoloji istifadəsi tarixi mənbələr əsasında araşdırılır, qədim dövrlərdən bugünədək tətbiq sahələrində baş vermiş elmi yeniliklər təqdim olunur. Kitabda olan bitkilərin əksəriyyətinin fitokimyəvi tərkibi müəlliflər tərəfindən işlənilmişdir.

Kitabda həmçinin bitki növlərinin adlandırılmasında latın terminologiyasının rolu, növ təsvirlərinin hazırlanması qaydaları və bu prosesin müasir taksonomiyaya təsiri izah edilir. Müəlliflər bu məsələlərin botanika elminin inkişafındakı əhəmiyyətini elmi əsaslarla diqqətə çatdırırlar.

Nəşr botanika, ekologiya, fitokimya, kənd təsərrüfatı və elm sahələri üçün faydalı mənbə kimi qiymətləndirilir. Kitab tədqiqatçılar, ekspertlər, tələbələr, eləcə də bitkilərin tarixi və istifadəsi ilə maraqlanan oxucular üçün etibarlı mənbə hesab olunur.