Arxiv
Lerik rayonunda nadir və endemik bitki növlərinin monitorinqi aparılıb
07.07.2026

AR ETN Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının əməkdaşları laboratoriyanın müdiri  professor Aydın Əsgərovun rəhbərliyi ilə Lerik rayonunda ekspedisiyada olublar.

Mövzu planına uyğun aparılan ekspedisiya Lerik rayonunun Kələxan, Kəlvəz, Aşağı Gədik, Zuvand, Hüseynabad, Şonayçala, Qosmalyan, Hiveri, Xəlifə və Mistan kəndləri istiqamətində müxtəlif marşrutlar üzrə həyata keçirilib.

Ekspedisiya zamanı 26 fəsilə və 32 cinsə aid 170 bitki nümunəsi toplanılıb, taksonomik təyinatı aparılıb. Astragalus, Helichrysum, Salvia, Achillea, Campanula, Scrophularia, Rosa, Teucrium, Thymus, Verbascum və digər cinslərə aid çoxsaylı bitki növləri qeydə alınıb. Eyni zamanda anatomik, morfoloji və palinoloji tədqiqatlar üçün xüsusi elmi materiallar toplanaraq laborator analizlər üçün gətirilib. Tədqiqatın nəticələrinin Herbari Fondunun zənginləşdirilməsi, eləcə də "Azərbaycan florası" çoxcildliyinin hazırlanmasında istifadəsi nəzərdə tutulur.

Ekspedisiya çərçivəsində nadir, relikt və endemik bitkilər üzərində monitorinqlər aparılıb, onların yayılma arealları və populyasiya vəziyyəti qiymətləndirilib. Eyni zamanda Achillea, RosaSalvia cinslərinə aid dərman bitkilərinin geniş ehtiyat sahələri aşkar edilib.

Azərbaycan Respublikasının Qırmızı Kitabının son nəşrinə daxil edilmiş Scrophularia zuvandica Gross., Scrophularia hircana Gross., Phlomis lenkoronica Knorring bitkiləri üzərində monitorinqlər davam etdirilib. Əldə olunan məlumatların Qırmızı Kitabın növbəti nəşrinin hazırlanmasında istifadə olunması nəzərdə tutulur.