Arxiv
Botanika İnstitutunun gənc əməkdaşı İsveçrədə beynəlxalq təlim proqramında iştirak edib
08.07.2026

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının elmi işçisi Xədicə Apbayeva "TreeFunAz" beynəlxalq layihəsi çərçivəsində Meşə, Qar və Landşaft üzrə Federal Tədqiqatlar İnstitutunda (WSL, Sürix) elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində mikoloji diaqnostika və molekulyar-bioloji tədqiqatlar üzrə nəzərdə tutulan işlər plana uyğun şəkildə yerinə yetirilib. Tədqiqatlar zamanı fitopatogen göbələklərin təcrid edilməsi, kulturada inkişafı, identifikasiyası və səciyyələndirilməsi istiqamətində laborator işlər həyata keçirilib.

Xədicə Apbayeva müstəqil şəkildə DNT ekstraksiyası, PCR və gel elektroforezi metodlarından istifadə etməklə morfoloji təhlilləri dəqiqləşdirib. Həmçinin Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL-3) laboratoriyasında tətbiq olunan iş prinsipləri ilə yaxından tanış olub, iqlim kamerasında (climate chamber) bitkilərin inokulyasiyası, nəzarət olunan şəraitdə inkubasiyası, eləcə də xəstəlik simptomlarının müşahidəsi, qiymətləndirilməsi və qeydiyyatı üzrə təcrübə qazanıb.

Bundan əlavə, "R: Basic Introduction" adlı statistika təlimini uğurla başa vuraraq müvafiq sertifikat əldə edib.

Qeyd edək ki, əldə olunan bilik və praktiki təcrübə Botanika İnstitutunda mikologiya üzrə aparılan elmi tədqiqatların inkişafına, molekulyar metodların tətbiqinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.