Arxiv
Botanika İnstitutunun aliminin həmmüəllifi olduğu məqalə Q2 kvartilli beynəlxalq jurnalda dərc olunub
10.07.2026

AR ETN Botanika İnstitutunun direktor vəzifəsini icra edən, Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzinin rəhbəri professor Səyyarə İbadullayevanın xarici alimlərlə həmmüəllifi olduğu "Ethnobotany of desert medicinal plants and their sustainable ethnomedicinal utilization" ("Səhra dərman bitkilərinin etnobotanikası və onların davamlı etnotibbi istifadəsi") adlı elmi məqalə Web of Science bazasında indekslənən, Q2 kvartilli beynəlxalq The Science of Nature jurnalında dərc olunub.

Məqalədə qeyd olunur ki, səhra və yarımsəhra ərazilərində yaşayan yerli icmalar dərman bitkilərinin istifadəsi ilə bağlı zəngin ənənəvi biliklərə malikdirlər və bu, onların ilkin səhiyyə xidmətlərinin əsas formasına çevrilib. Səhra ekosistemlərində aparılan geniş etnobotaniki tədqiqat yerli biliklərin, davamlı resurslardan istifadənin və icma rifahının müalicə ənənələrinin mənimsənilməsi yolu ilə artırıla biləcəyini aşkar edib.

Tədqiqat çərçivəsində dərman bitkilərinə dair məlumatlar 2022-ci ilin yazından etibarən yarımstrukturlaşdırılmış müsahibələr, sahə müsahibələri, birbaşa müşahidələr, qrup müzakirələri və sorğular vasitəsilə aparılıb. Əldə olunan nəticələr yerli əhalinin ilkin səhiyyə sahəsindəki biliklərinin qiymətləndirilməsi məqsədilə həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri üzrə təhlil edilib. Bu zaman bitkilərin istifadə dəyəri (UV), nisbi istinad tezliyi (RFC) və mədəni dəyər indeksi (CVI) kimi etnobotaniki göstəricilərdən istifadə olunub.

Xarici ölkə alimləri ilə birgə aparılan araşdırma nəticəsində səhralarda rast gəlinən Amaranthaceae, Asteraceae, FabaceaeEuphorbiaceae daxil olan, 26 fəsiləyə aid təxminən 111 bitki növü sənədləşdirilib. Qeyd etmək lazımdır ki, Tribulus, TecomellaTamarix cinslərinə aid növlər ən çox istifadə edilən bitkilərdir. Müalicə məqsədilə əsasən yarpaqlarından istifadə edilir və bitki mənşəli ənənəvi müalicə vasitələri daha çox xammal, toz və pasta şəklində hazırlanaraq tətbiq olunur. Məqalədə ilkin səhiyyə xidməti təcrübələrində etnotibbi yanaşmaya əsaslanan xalq ənənəsi yalnız cəmiyyətin rifahının yaxşılaşdırılması baxımından deyil, həm də təbii resurslardan davamlı istifadə zərurətinin göstəricisi kimi qeyd olunur.

 DOI:10.1007/s00114-026-02123-1