Azərbaycanda göbələk müxtəlifliyinin öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlar son illərdə mühüm nəticələrlə yadda qalıb. Araşdırmalar nəticəsində son 20 il ərzində ölkə ərazisindən elm üçün yeni olan 9 göbələk növü təsvir edilib, 60-dan çox növ isə Azərbaycan mikobiotası üçün yeni kimi qeydə alınıb. Mütəxəssisin sözlərinə görə, bu nəticələr ölkədə göbələk müxtəlifliyi haqqında elmi məlumatların genişlənməsinə və milli herbari fondunun zənginləşdirilməsinə mühüm töhfə verir. Azərbaycanda göbələk tədqiqatlarının zəngin tarixi var.
Ötən əsrin 30-cu illərindən başlayan araşdırmalar nəticəsində formalaşdırılan göbələk herbarisində hazırda 12 mindən çox nümunə qorunur. Həmin nümunələr yeni toplanan materialların müqayisəli şəkildə öyrənilməsinə və yeni növlərin müəyyən edilməsinə imkan yaradır.
Alim bildirib ki, dünyada təsvir olunan göbələk növlərinin sayı təxminən 155 min olsa da, təbiətdə hələ öyrənilməmiş milyonlarla göbələk növünün olması ehtimal edilir. Bu səbəbdən Azərbaycanda aparılan ekspedisiyalar və laboratoriya araşdırmaları gələcəkdə də yeni elmi kəşflərə imkan yarada bilər.
Hazırda ölkədə göbələk biomüxtəlifliyinin araşdırılması, yeni növlərin müəyyənləşdirilməsi və onların ekoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.