Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondunda Azərbaycanın flora irsini əks etdirən 600 minədək bitki nümunəsi qorunur. XIX əsrin sonlarına aid kolleksiyaları əhatə edən fond biomüxtəlifliyin öyrənilməsi, nadir bitkilərin mühafizəsi və elmi tədqiqatlar üçün mühüm mənbədir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Botanika İnstitutunun Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani səsləndirib.
- Herbari fondunda hazırda neçə nümunə saxlanılır, onlardan ən qədimi və nadiri hansı dövrə aiddir?
- Botanika İnstitutunun Herbari fondunda 135 fəsilə və 1065 cinsə aid 600 minə yaxın herbari nümunəsi, 5 minədək bitki növü mühafizə olunur. Fondun ən qədim eksponatları XIX əsrin sonlarına aiddir. Həmin nümunələr Azərbaycana səfər etmiş səyyahlar, tədqiqatçılar və təbiət həvəskarları tərəfindən toplanıb. 1936-cı ildə yaradılan herbari fondunda, həmçinin beynəlxalq mübadilə proqramları vasitəsilə əldə edilmiş tarixi kolleksiyalar da qorunur.
- Fond Azərbaycanın floral biomüxtəlifliyinin öyrənilməsinə necə töhfə verir?
- Herbari fondunun əsasını ölkənin müxtəlif bölgələrində aparılan ekspedisiyalar zamanı toplanmış bitki nümunələri təşkil edir. Bu nümunələr əsasında bitkilərin sistematik mənsubiyyəti, yayılma arealları, növ müxtəlifliyi və ekoloji xüsusiyyətləri araşdırılır.
Hər bir herbari nümunəsinin “pasportu” ekspedisiya mərhələsindən başlayaraq hazırlanır. Toplanma yeri, tarixi, coğrafi koordinatları, yaşayış mühiti və digər mühüm məlumatlar xüsusi etiketlər vasitəsilə nümunələrin üzərinə köçürülür. Beləliklə, Herbari fondu yalnız bitki kolleksiyası deyil, həm də zəngin elmi məlumat bazası və arxiv rolunu oynayır. Bu məlumatlar Azərbaycanın bitki müxtəlifliyinin monitorinqi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, flora xəritələrinin hazırlanması, eləcə də biomüxtəlifliyin qorunması və davamlı idarə olunması ilə bağlı elmi tədqiqatlarda geniş istifadə edilir. Herbari fondunda toplanan materiallar ölkənin flora zənginliyinin öyrənilməsi və gələcək nəsillər üçün qorunub saxlanılması baxımından əvəzsiz elmi mənbə hesab olunur.
Herbari fondunda Qarabağ və Şərqi Zəngəzurdan toplanmış nadir bitki nümunələri varmı və son tədqiqatlar hansı nəticələri verir?
- Qarabağ və Şərqi Zəngəzurdan toplanmış 10 min 935 herbari nümunəsi fondda qorunur. İşğaldan azad edilmiş ərazilərdə aparılan son monitorinqlər göstərib ki, bəzi ağac və hündürotlu bitki növləri ciddi zərər görüb və ya məhv olub. Bununla yanaşı, soğanlı, kökyumrulu və kökümsovlu geofit bitkilərin böyük hissəsi torpaqaltı orqanları sayəsində qorunub qalıb. Aparılan tədqiqatlar regionun flora müxtəlifliyinin bərpası və nadir növlərin mühafizəsi üçün mühüm elmi məlumatlar verir.
- Nümunələr iqlim dəyişkənliyi və biomüxtəlifliyin təqdim olunmasında alimlərə hansı məlumatları verir?
- İqlim dəyişkənliyinin öyrənilməsində Herbari məlumatları mühüm rol oynayır. Fitosenoloji tədqiqatlar və fenoloji müşahidələr vasitəsilə bitkilərin hansı mövsümdə çiçəklədiyi və iqlim şəraitinə necə reaksiya verdiyi müəyyən edilir. Bu məlumatlar herbari nümunələrində qeyd olunur. İllər sonra eyni ərazidə, xüsusilə nadir bitkilərin axtarışı zamanı həmin qeydlərə əsasən bitkinin toplandığı tarix və iqlim şəraiti müəyyən edilir ki, bu da tədqiqatların daha dəqiq aparılmasına kömək edir.
- Fondda yeni bitki nümunələri hansı qaydada qəbul edilir və elmi cəhətdən necə hazırlanır?
- İnstituta gətirilən bitkilər əvvəlcə zərərvericilərdən qorunmaq üçün mənfi temperaturda saxlanılır. Daha sonra herbari kağızlarına yerləşdirilir və hər nümunəyə toplandığı tarix, məkan, ekoloji şərait və növü haqqında məlumatları əks etdirən etiket əlavə olunur. Bu proses nümunələrin uzunmüddətli qorunmasını və elmi dəyərinin saxlanılmasını təmin edir.
- Azərbaycanın nəsli kəsilməkdə olan bitkilərin qorunmasında Herbari fondunun rolu nədən ibarətdir?
- Fond nəsli kəsilməkdə olan bitkilərin qorunmasında mühüm rol oynayır. Mütəmadi monitorinqlər aparılaraq nadir və endem bitkilərin yayıldığı ərazilər izlənilir. Lakin antropogen fəaliyyət və iqlim dəyişiklikləri nəticəsində bəzi növlər zamanla yox olur. Buna görə alimlər yerli əhalini və aidiyyəti qurumları məlumatlandırır, zərurət olduqda isə bitkilərin qorunması üçün xüsusi tədbirlər görülür. Məsələn, Gədəbəydə Qızıl mədəni ərazisində nadir bitkilər təhlükəsiz sahəyə köçürülərək onların mühafizəsi təmin edilmişdir.
- Fondda elə bitki nümunələri varmı ki, onlar artıq təbiətdə yoxolma dərəcəsindədir və ümumiyyətlə yox olub?
- Herbari fondunda hazırda təbiətdə nadirləşmiş, hətta bəzi ərazilərdə artıq rast gəlinməyən bitki nümunələri qorunur. Məsələn, Abşeronda vaxtilə yayılmış Eversmaniya bitkisinin 1930-cu illərə aid herbari nümunələri saxlanılır, lakin bu növ son illərdə təbii şəraitdə aşkar edilməyib. Eyni zamanda, səhləbkimilər fəsiləsinə aid bəzi növlər də dərman məqsədilə həddindən artıq toplanması səbəbindən kəskin azalıb. Herbari fondu bu cür növlərin mövcudluğunu təsdiqləyən və onların öyrənilməsi üçün mühüm elmi mənbə rolunu oynayır.
https://azertag.az/xeber/herbari_fondu_azerbaycanin_flora_yaddasini_qoruyur_600_minedek_numune_gelecek_tedqiqatlar_uchun_saxlanilir___musahibe-4322541