Şimal yarımkürəsinin müxtəlif coğrafi ərazilərində yayılan Marchantia polymorpha (Ciyərotu) mamır növünün populyasiyalarında genetik müxtəliflik və gen kodlarının öyrənilməsi istiqamətində tədqiqatlar aparan gənc tədqiqatçı, Yaponiyanın Tokio Universitetinin doktorantı Hiromu Nakao AR ETN Botanika İnstitutunda olub.
Səfərin məqsədi tədqiqatçının Botanika İnstitutunun alimləri biologiya üzrə fəlsəfə doktorları, dosent Aygün Məmmədova və dosent Arzu Hüseynova ilə birgə Azərbaycan florasında yayılan Marchantia polymorpha növünün təbii populyasiyalarından herbari nümunələrinin toplanması və onların müasir molekulyar-genetik metodlarla tədqiqi olub. Zaqatala rayonuna təşkil olunmuş müştərək ekspedisiya zamanı Car və Qəbizdərə kəndləri ərazilərindən Marchantia polymorpha növünün təbii populyasiyalarından nümunələr toplanılıb.
Səfər çərçivəsində Hiromu Nakao Botanika İnstitutunda elmi seminar keçirib. Seminarda Marchantia polymorpha növünün qlobal yayılması, populyasiyalarının genetik müxtəlifliyi və aparılan tədqiqatların əsas istiqamətləri barədə məlumat verilib, alimlərlə fikir mübadiləsi aparılıb.
Birgə tədqiqatın nəticələri əsasında elmi məqalənin hazırlanması nəzərdə tutulur.