AR ETN Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İnstitutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı oldu. Ermənistanın dinc əhalini hədəf alan təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu addım-addım irəliləyərək Qarabağ və ətraf rayonları azad etdi. Bu əməliyyatlar təkcə hərbi zəfər deyil, həm də xalqımızın illərlə çəkdiyi ədalətsizliyə və torpaq həsrətinə son qoydu.
Tədbirdə çıxış edən professor Aydın Əskərov, biologiya üzrə fəlsəfə doktorları Hilal İmanlı və Pərvanə Qaraxani Vətən müharibəsi dövründə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin göstərdikləri şücaətdən danışıb, canını vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Sonda İnstitut əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.