Almaniyanın Bonn Universitetinin nümayəndələri professor Dr. Maximilian Weigend, Dr. Tim Böhnert, Anne Joßberger, Annett Krämer və Patrick Bartsch Botanika İnstitutunda olublar.
İnstitutun direktoru, professor Səyyarə İbadullayeva almaniyalı mütəxəssislərlə görüş zamanı Botanika İnstitutunun elmi fəaliyyəti, beynəlxalq layihələri və aparılan tədqiqat işləri barədə məlumat verib.
Sonra qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar.
Səfər zamanı almaniyalı alimlər Azərbaycanda geofitlərin təkamülü və sistematikasının öyrənilməsi, eləcə də müəyyən bitki qruplarının taksonomik xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə Herbari Fondunda tədqiqatlar aparıblar.