AR ETN Botanika İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə Botanika İnstitutunun Ərazi Partiya Təşkilatının sədri, professor Səyyarə İbadullayeva, sədr müavini Şəhla Mirzəyeva və partiya üzvləri iştirak ediblər.
İclası professor Səyyarə İbadullayeva açaraq Azərbaycan Respublikasının Prezidenti, YAP sədri Möhtərəm İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışının əsas müddəalarını diqqətə çatdırıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən Qurultayın ölkənin siyasi həyatında əhəmiyyətini vurğulayıb. Professor qeyd edib ki, milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin doğru məlumatlandırılması müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin inkişafında, milli şüurun və dövlətçilik düşüncəsinin formalaşmasında elm və təhsilin rolundan danışan professor gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, elmi müəssisə əməkdaşlarının peşəkar fəaliyyəti ilə yanaşı, cəmiyyətin maarifləndirilməsinə, elmi düşüncənin təşviqinə və dövlətçilik ideyalarının təbliğinə də töhfə verməli olduqlarını bildirib.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş prioritetlərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin fəallığının artırılması məsələləri diqqətə çatdırılıb.
Sonda İnstitutun əməkdaşları Aygül Musayeva, Günel Ramazanova və Bəxtiyar Səlimov Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələrini təqdim ediblər.