AR ETN Botanika İnstitutunda beynəlxalq elmi informasiya resurslarından istifadə imkanlarının öyrənilməsi və tədqiqatçıların bu resurslarla işləmək bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.
Seminarda İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nərmin Sadıqova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin birgə təşkil etdiyi təlimlərdə əldə etdiyi bilik və təcrübəni bölüşüb.
Təqdimat zamanı milli müqavilənin əhəmiyyəti, “Web of Science” platformasında elmi məlumatların axtarışı, eləcə də “Research Horizon Navigator” (RHN), “ProQuest Central” və “Research Assistant” alətlərinin tədqiqat prosesində tətbiqi imkanları barədə məlumat verilib.
Seminarın məqsədi tədqiqatçıların etibarlı elmi mənbələrə çıxış imkanlarını genişləndirmək, beynəlxalq elmi informasiya resurslarından və müasir rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək olub.