AR ETN Botanika İnstitutunda alim, mütəxəssis və gənc tədqiqatçılar üçün "Elmmetrik bazalar və müəllif metrikaları" mövzusunda seminar-təlim keçirilib. Təlimi institutun gənc mütəxəssisi, bu yaxınlarda Belqradda keçirilən beynəlxalq "Elmmetriya üzrə Sertifikasiya Proqramı"nın iştirakçısı olmuş doktorant Elnarə İsgəndərli aparıb.
Təlimin məqsədi institut əməkdaşlarının beynəlxalq elmi nəşr mədəniyyəti, biblioqrafik göstəricilər və müasir rəqəmsal alətlər haqqında biliklərini artırmaq olub.
İştirakçılara Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazaların imkanları, elmi jurnalların qiymətləndirilməsində istifadə olunan Impact Factor, CiteScore göstəriciləri və kvartil sistemi haqqında ətraflı məlumat verilib. Həmçinin müəllifin elmi fəaliyyətinin qiymətləndirilməsində mühüm rol oynayan h-indeks və ORCID identifikatorunun yaradılması qaydaları izah olunub.Təlimdə həmçinin süni intellekt əsaslı alətlərin elmi tədqiqatda tətbiqi — ədəbiyyat axtarışının avtomatlaşdırılması, mətn analizi və məlumatların emalı imkanları iştirakçılara təqdim edilib.
Tədbirdə Open Access (Açıq Giriş) modellərinin üstünlükləri və müasir elmi tədqiqatların qlobal miqyasda əlçatanlığının təmin olunmasında müstəsna rolu müzakirə edilib.