Arxiv
Botanika İnstitutunda Zəfər Gününə həsr olunmuş elmi-praktik forum keçirilib
06.11.2026

AR ETN Botanika İnstitutunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Azad ərazilərdə yaşıllıq siyasəti: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik forum keçirilib. Tədbirdə dövlət rəsmiləri, tanınmış ziyalılar, qazilər və alimlər iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, Vətən müharibəsi qazilərinə işğaldan azad olunmuş ərazilərdə botaniklərin apardığı tədqiqatlar barədə hesabat verib. Vurğulayıb ki, Azəbaycan xalqı iki yüz ildə qazanmadığı qələbəni qazanmış və heç vaxt olmadığı xoşbəxtliyi yaşamışdır. Buna görə də Müzəffər Ali Baş Komandana, onun sarsılmaz ordusuna, qazilərimizə minnətdarlığımızı bildirir və öz qanları ilə torpaqları bizə bəxş edən şəhidlərimizin qarşısında baş əyirik. Bugünkü xoşbəxtliyi məhz bu şücaət əsasında qazanıldığını botaniklər ordusu adından alqışlayır və öz üzərlərinə düşən işlərin öhdəsindən gəlməyə çalışırlar. Bunun əsasında müharibədən sonra Qarabağ Florası, Qarabağ və Şərqi Zəngəzurun flora konspekti, Qarabağın nadir bitkilərinin məlumat kitabları, bir sıra buklet və broşürlər hazırlanıb öz ata-baba yurdlarına qayıtmış sakinlərə paylanılmışdır.

Direktor bildirib ki, azad edilmiş ərazilərdə yaşıllıq siyasətinin elmi əsaslarla həyata keçirilməsi, yerli bitki növlərinin öyrənilməsi və təbii ekosistemlərin bərpası qarşıda duran əsas vəzifələrdəndir. Botanika İnstitutu bu istiqamətdə elmi tədqiqatların aparılmasına, bitki müxtəlifliyinin müəyyənləşdirilməsinə və mühafizə tədbirlərinin elmi əsaslarının hazırlanmasına xüsusi diqqət yetirir.

Forumda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP-ın Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, YAP-ın idarə heyətinin üzvü ETN Kimya İnstitutunun direktoru, professor Əfsun Sucayev, yazıçı-publisist Şərəf Cəlili, Türk Dünyası Qadın Şairlər Birliyinin rəhbəri Xuraman Muradova,  AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri professor Rəna Mirzəzadə və Vətən müharibəsi qazisi Ramin Şirinov çıxış ediblər.

Çıxışlarda 8 Noyabr – Zəfər Gününün xalqımızın milli qürur və həmrəylik rəmzi olduğu vurğulanıb, tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin, dövlətimizin güclü siyasi iradəsinin və qəhrəman Azərbaycan Ordusunun müstəsna rolu qeyd edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi, ekoloji tarazlığın bərpası, yaşıllıq sahələrinin genişləndirilməsi və biomüxtəlifliyin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar üçün “Zəfər süfrəsi” təşkil olunub, forum iştirakçıları ilə xatirə fotosu çəkdirilib.