Arxiv
Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər
18.11.2026

Xarıbülbül yalnız Qarabağa məxsus bitki deyil, Azərbaycanın bir sıra digər bölgələrində də təbii şəraitdə yayılıb. Şabran, Şamaxı və Böyük Qafqazın müxtəlif ərazilərində bu bitkiyə rast gəlinir. Bununla belə, Qarabağla tarixi və mədəni bağlılığı Xarıbülbülü xalqımızın milli rəmzlərindən birinə çevirib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani məlumat bildirib.

Qeyd edib ki, Xarıbülbül səhləbkimilər (Orchidaceae) fəsiləsinə aid çoxillik ot bitkisidir. Xalq arasında Xarıbülbül adı ilə tanınan bitkilər arasında Qafqaz qaşsəhləbi (Ophrys caucasica), arı qaşsəhləbi (Ophrys apifera) və digər növlərə rast gəlinir. Bu adın ümumiləşmiş şəkildə işlədilməsi bitkinin müxtəlif növlərinin tanınmasında elmi yanaşmanın vacibliyini ortaya qoyur. Onun sözlərinə görə, Xarıbülbül nadir və qorunmağa ehtiyacı olan bitkilər sırasındadır. Onun öyrənilməsi, xüsusilə genetik xüsusiyyətlərinin tədqiqi müəyyən çətinliklərlə müşayiət olunur. Populyasiyalarda fərdlərin sayının az olması səbəbindən bitkilərin təbii mühitindən götürülməsi məqsədəuyğun hesab edilmir. Bəzi ərazilərdə cəmi 5-10 bitkiyə rast gəlinir. Buna görə də onların təbii populyasiyalarının qorunması elmi tədqiqatların əsas şərtlərindən biridir. Xarıbülbülün təbii şəraitdə inkişafı və çoxalması torpaqda yaşayan mikroskopik göbələklərlə sıx bağlıdır. Bitki bu göbələklərlə simbioz həyat tərzi keçirir. Onun torpaqdan çıxarılaraq başqa ərazidə əkilməsi zamanı kök yumrularının ətrafındakı təbii mühitin və mikorizal əlaqələrin pozulması bitkinin məhvinə səbəb ola bilər. Bu səbəbdən Xarıbülbülün kökündən çıxarılması və təbii arealından götürülməsi onun qorunması baxımından ciddi risk yaradır.

İnstitutun həyətində də məhdud sayda Xarıbülbül nümunəsinin introduksiya edildiyi, lakin onların inkişaf və çoxalma prosesinin ləng getdiyi diqqətə çatdırılıb. Bu fakt bitkinin süni şəraitdə artırılmasının asan olmadığını, onun ekoloji tələbatlarının və göbələklərlə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsinə ehtiyac olduğunu göstərir. Xarıbülbülün yayılma areallarının və populyasiya dinamikasının müəyyənləşdirilməsi də mühüm tədqiqat istiqamətlərindəndir. Mütəxəssis bildirib ki, bitki əsasən orta dağ qurşağında yayılır, düzənlik ərazilərdə isə ona daha az rast gəlinir. Qarabağda bəzi ərazilərin hələ də mina təhlükəsindən tam təmizlənməməsi burada floristik tədqiqatların aparılmasını çətinləşdirir. Bu vəziyyət bitkinin sayının müəyyənləşdirilməsinə, yayılma arealının dəqiqləşdirilməsinə və populyasiyaların vəziyyətinin müntəzəm izlənilməsinə mane olur. Qeyd edilib ki, Qarabağın nadir bitki növlərinin qorunması istiqamətində toxum banklarının da əhəmiyyəti böyükdür. Xarıbülbülün toxum nümunələri Botanika İnstitutunun toxum bankında saxlanılır. Bununla belə, bitkinin genetik ehtiyatlarının daha geniş miqyasda öyrənilməsi və genetik bankının yaradılması məsələləri üzrə müvafiq elmi qurumların iştirakı vacibdir.

O vurğulayıb ki, Xarıbülbülün Qarabağla assosiasiya olunması onun məhz bu bölgəyə xas olması ilə deyil, tarixi-mədəni ənənələrlə bağlıdır. Xüsusilə Şuşada fəaliyyət göstərmiş istirahət məkanlarında yerli sakinlərin qonaqlara Xarıbülbüldən kiçik dəstələr hazırlayaraq hədiyyə etməsi bu gülün tanınmasında mühüm rol oynayıb. Müxtəlif bölgələrdən və xarici ölkələrdən gələn qonaqlar bitkini Şuşa ilə əlaqələndirərək onun şöhrətinin daha geniş yayılmasına töhfə veriblər. Alimlərin apardıqları tədqiqatlar nəticəsində Xarıbülbülün Azərbaycanın müxtəlif bölgələrində yeni yayılma arealları da müəyyənləşdirilib. Bitkinin Samur-Dəvəçi ərazisində, Abşeronda, Qobustanda, Kiçik Qafqazın cənubunda, Böyük Qafqazın şərq və Quba hissələrində yayılmasına dair məlumatlar əldə olunub. Bu nəticələr Xarıbülbülün coğrafi yayılmasının daha geniş olduğunu göstərir. Mütəxəssis hesab edir ki, Qarabağ əraziləri minalardan tam təmizləndikdən sonra burada sistemli floristik tədqiqatların aparılması, Xarıbülbülün populyasiya dinamikasının, morfoloji xüsusiyyətlərinin və ekoloji mühitinin daha ətraflı öyrənilməsi mümkün olacaq. Sonda bildirilib ki, Xarıbülbül Azərbaycanın qiymətli təbii sərvətlərindən biridir və onun qorunması yalnız alimlərin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Nadir və endemik bitkilərin təbii areallarında mühafizəsi, onların qanunsuz toplanmasının qarşısının alınması və biomüxtəlifliyə həssas münasibətin formalaşdırılması gələcək nəsillər üçün bu zənginliyin qorunmasının əsas şərtlərindəndir.

https://azertag.az/xeber/botanika_institutu_xaribulbulun_tebii_muhitinden_chixarilmasi_onun_mehvine_sebeb_ola_biler-4514667