16-20 noyabr tarixlərində AR ETN Botanika İnstitutunda fəaliyyət göstərən laboratoriya və qeyri-elmi sektorların 2026-ci ildə elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat həftəsi başa çatıb.
Elmi Şuranın sədri, institutun direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclaslarda şuranın üzvləri, laboratoriya, şöbə və sektor müdirləri, eləcə də institutun digər əməkdaşları iştirak ediblər.
Laboratoriya və qeyri-elmi sektorların müdirləri hesabat məruzələri ilə çıxış edərək cari ildə yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat veriblər. Sonra struktur bölmələrdə çalışan əməkdaşların ayrı-ayrılıqda plana uyğun icraçısı olduğu iş, mərhələ və ya bölmələr üzrə hesabatları dinlənilib.
Qeyd olunub ki, 2026-ci ildə institutun əməkdaşları tərəfindən 3 kitab, 2 jurnal, 200-dən çox elmi əsər dərc edilmişdir.
Şura üzvləri tərəfindən hesabatlarla bağlı geniş müzakirə aparılıb. Sonda hesabatlar yekdilliklə qəbul edilib.