Arxiv
İtaliyali alim AMEA Botanika İnstitutunda işguzar səfərdədir
06.07.2017

     Azərbaycan Milli Elmlər Akademiyasının və İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) elmi əməkdaşlığa dair Saziş və Əməkdaşlıq Proqramı üzrə 2015-ci ildə elan edilmiş müsabiqə çərçivəsində yerinə yetirilən “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” ikitərəfli layihə üzrə İMTŞ-nın Florensiyada yerləşən Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutunun əməkdaşı, prof. Biankaelena Maserti 29 iyul 2017-ci il tarixindən AMEA Botanika İnstitutunda işgüzar səfərdədir. Səfər müddətində AMEA Botanika İnstitutunda italiyalı alimin, institut əməkdaşlarının, eləcə də Biologiya və Tibb Elmləri Bölməsinin digər institutlarından dəvət olunan mütəxəssislərin iştirakı ilə təşkil edilmiş seminarda prof. Biankaelena Maserti və Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, b.e.d. Dilzarə N. Ağayevanın təqdimatında məruzələr dinlənilmişdir.
     Botanika İnstitutunun direktor müavini, b.e.d. Eldar Novruzov qonaqları salamlamış, aparılan birgə layihənin tədqiqat istiqaməti və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
     Seminarda D.N.Ağayevanın Azərbaycanda şabalıd ağaclarında Cryphonectria parasitica göbələyi və onun törətdiyi xəstəliyin hazırkı vəziyyətinə dair məruzəsi dinlənilib. Prof. B. Maserti İMTŞ-nin Davamlı Bitki Mühafizə İnstitutunda aparılan tədqiqat işləri və laboratoriyaların texniki təchizatı barədə ətraflı məlumat vermişdir. Mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
     3-5 iyun tarixlərində Qəbələ və Göyçay rayonlarına müştərək ekspedisiyalar təşkil edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin məsləhəti üzrə Qəbələ Meşə Təsərrüfatı idarəsinin əməkdaşları ilə təbii bitən meşə sahələrində yeni quruyan şabalıd ağacları yoxlanılmış və nümunələr götürülmüşdür.