Məhşur botanik, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İvan İvanoviç Karyaginin həyat və yaradıcılığı 1923-cü ildən etibarən Azərbaycan və onun florasının tədqiqi ilə bağlı olmuşdur. O, 1923-1932-ci illərdə Bakı və Gəncənin ali məktəblərində çalışmış və laborantlıqdan Botanika kafedrasının dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1932-ci ildə İ.İ.Karyagin SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsinə işə dəvət olunmuşdur. 1946-cı ildə o, herbari laboratoriyasını yaratmış və həmin ildən ömrünün axırına kimi ona rəhbərlik etmişdir.
İ.İ.Karyagin dərman bitkiləri üzrə geniş tədqiqatlar aparmış və 1946-cı ildə bu sahə üzrə biologiya elmlər namizədi adı almışdır. 1950-1961-ci illərdə İ.İ.Karyagin 8 cildli “Флора Азербайджана” kitabının hazırlanmasına və təşkilinə başlamışdır və o, bütün cildlərin redaktoru, eyni zamanda, “Flora”nın təşkilində iştirak edən ən qabaqcıl müəlliflərdən biri olmuşdur. 1952-ci ildə onun redaktəsi ilə “Abşeron florası” adlı kitab çapdan çıxmışdır.
İ.İ.Karyagin yeganə elmlər namizədidir ki, botanika sahəsində xidmətlərinə görə 1958-ci ildə Azərbaycan Respublikası EA-nın müxbir üzvü seçilmişdir.
İ.İ.Karyagin Ümumittifaq Botanika Cəmiyyətinin üzvü olmuşdur.