Görkəmli nəbatat tədqiqatçısı, akademik Vahid Cəlal oğlu Hacıyev 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi işə başlamışdır, 1957-1958-ci illərdə Botanika Bağında direktor əvəzi, 1957-1972-ci illərdə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1972-1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri, 1978-1988-ci illərdə həmin İnstitutun elmi işlər üzrə direktor müavini, 1988-2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır.
V.C.Hacıyev 1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
V.C.Hacıyev Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənləri üzrə geobotaniki tədqiqatlar aparmış, floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemlərinə xüsusi diqqət ayırmışdır. V.C.Hacıyev müxtəlif illərdə təşkil edilmiş floristik, sistematik və digər ekspedisiyalarda, xüsusən “Günəş-84” və “Günəş-85” eksperimentlərində fəal iştirak edərək bitki formasiyalarının yerləşmə qanunauyğunluqlarını elmi surətdə sübut etmişdir. O, “Флора Азербайджана” adlı çoxcildli fundamental əsərin V-VIII cildləri üçün 5 fəsiləyə 25 cinsə dair 85 növün yeni sistematik təhlilini vermişdir. V.C.Hacıyev 230-dan çox elmi əsər, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
V.C.Hacıyevin rəhbərliyi altında 5 doktorluq və 40-a yaxın namizədlik dissertasiyası müdafiə olunmuşdur.