Arxiv
Azərbaycan elminə ağır itki üz vermişdir
05.04.2017

     Azərbaycanda alqologiya elminin banisi, tanınmış alim, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Ninel İsrafil qızı Qarayeva uzun sürən ağır xəstəlikdən sonra 85 yaşında vəfat etmişdir.

     Ninel İsrafil qızı Qarayeva 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, XX əsrin görkəmli diatomoloqu, b.e.d. A.İ.Proşkin-Lavrenkonun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışmış və 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
     Müəllif elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.

     Alim tərəfindən çoxillik tədqiqatlar nəticəsində Xəzərin müasir alqoflorasının səciyyəvi cəhətləri müəyyənləşdirilmiş, onun mənşəyi və inkişafına dair sonralar eksperimental şəkildə öz təsdiqini tapmış hipoteza irəli sürülmüşdür. Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir.

     Diatom yosunların yeni bir cinsi onun şərəfinə Karayevia Round et Bukht. (Round, Bukhtiyarova “Four new genera based on Achnanthes (Achnanthium) together with a re-definition of Achnanthium”, Diatom Research, 1999, vol. 11) adlandırılmışdır.

     N.İ.Qarayevanın əldə etdiyi nəticələr dəfələrlə keçmiş SSRİ Elmlər Akademiyasının və Azərb. SSR Elmlər Akademiyasının mühüm nailiyyətləri sırasına daxil edilmiş, beynəlxalq cəmiyyətin etibarını qazanmış, beynəlxalq konqreslərdə məruzə edilmişdir. Alimin elmi fəaliyəti əksəriyyəti yaxın və uzaq xaricdə çap olunmuş 115 elmi əsərdə öz əksini tapmışdır. Bunlardan “Диатомовые водоросли бентоса Каспийского моря” (1972) monoqrafiyası və həmkarları ilə tərtib etdiyi “Диатомовые водоросли СССР. Ископаемые и современные”, том II (1988) toplusu mütəxəsssilərin böyük marağına səbəb olmuşdur.

     N.İ.Qarayevanın elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilmiş, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif edilmişdir. Bu sırada ölkə Prezidentinin sərəncamı ilə təqdim edilmiş “Tərəqqi” medalı, “Əmək veteranı” medalı və “Sosialist yarışı əlaçısı” nişanını qeyd etmək olar.
     Azərbaycan elmində əvəzsiz xidmətləri olan Ninel Qarayevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

     Allah rəhmət eləsin!