Bugün AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İnstitutun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Oqtay Mirzəyev 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edərək, uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqın öz azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix oldugunu vurğulayib. Qeyd etdi ki, 1990-cı il 20 yanvar günü keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Bu qanlı hadisələrdə xalqımız 133 şəhid verib, 744-ə yaxın insan yaralanıb.
Tədbirdə k.e.d. Siracəddin Sərkərov, b.e.d. Səyyarə İbadullayeva, b.e.d. Xuraman Xəlilova, MM qərərgah rəisi Nazim Xəlilov və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.