Arxiv
Bakıda MDB ölkələri Botanika Bağları Şurasının IV Qurultayı keçirilir
18.09.2017

     Sentyabrın 18-də AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Şurasının IV Qurultayı öz işinə başlayıb.
     Qurultayda Rusiya Elmlər Akademiyasının N.V.Tsitsin adına Baş Botanika Bağı, Belarus Milli Elmlər Akademiyasının Mərkəzi Botanika Bağı, Qazaxıstan Milli Elmlər Akademiyasının Baş Botanika Bağı, Qırğızıstan Milli Elmlər Akademiyasının E.Z.Qareyev adına Botanika Bağı, Ukrayna Milli Elmlər Akademiyasının M.M.Qrişko adına Milli Botanika Bağı və digər xarici elmi qurumlardan nümayəndələr iştirak edir.
Tədbirin keçirilməsində məqsəd MDB ölkələri Botanika Bağları Şurasının hesabatını müzakirə etmək, həmçinin botanika bağları və dendrarilərin təbiət abidələri genofondunun mühafizəsində və biomüxtəlifliyin artırılmasında rolunu, nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin areallarda yayılmasını elmi əsaslarla araşdırmaqdır.
     Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçıları salamlayıb və ölkəmizdə keçirilən bu qurultayın beynəlxalq elmi əməkdaşlığı daha da möhkəmləndirmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik bildirib ki, müasir dövrdə iqlim dəyişkənliyinin biomüxtəlifliyə, həssas ekosistemlərin deqradasiyasına, nadir növlərin itməsinə və genetik müxtəlifliyə təsirinin tədqiqi dünya miqyasında həllini gözləyən problemlərdəndir. Alim qeyd edib ki, XXI əsrdə geniş aktuallığı ilə diqqət mərkəzində olan bu kimi məsələlərin araşdırılması və həlli dünya alimlərinin birgə əməkdaşlığı nəticəsində mümkündür. Onu da əlavə edib ki, bugünkü tədbirdə qəbul ediləcək qərarlar məhz bu problemlərin həllinə təkan verəcək.
     Qurultayda MDB ölkələri Botanika Bağları Şurasının 2016-cı ilin yekun işləri, Rusiya Botanika Bağları Şurası, MDB ölkələrindəki botanika bağları, dendrari və ekoloji mərkəzlərin işi haqqında hesabatlar dinlənilib. Bioloji müxtəlifliyin dəyişməsi və ekoloji tarazlığın pozulması ilə bağlı problemlər təhlil və müzakirə edilib.
     Tədbirdə MDB ölkələri Botanika Bağları Şurasının sədri, N.V.Tsitsin adına Baş Botanika Bağının direktoru, professor Aleksandr Demidov, AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və digər çıxış edənlər Qurultayın əhəmiyyəti və prioritet istiqamətlər haqqında danışıblar. Çıxışlar zamanı alim və tədqiqatçılar arasında qarşılıqlı münasibətləri dərinləşdirmək və mühüm əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etməyin vacibliyi vurğulanıb.
     Qurultay çərçivəsində “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans da öz işinə başlayıb.
     Konfransın məqsədi biosferdə iqlim dəyişikliyinin bitki biomüxtəlifliyinə təsiri, yeni introduksiya olunan, aboregen və kosmopolit növlərin təbiətdə yayılması, növlərin populyasiyalarda say nisbətlərinin dəyişməsinə səbəb olan ekoloji amillərin təyini və onların mühafizəsi istiqamətində aparılacaq elmi tədqiqat işlərinin müzakirəsində qarşıya çıxan problemlərin birgə həlli yollarının araşdırılmasıdır.
Konfrans sentyabrın 21-dək davam edəcək.