Arxiv
Botanika İnstitutu Qazaxıstan Respublikası ilə elmi əlaqələri genişləndirir
07.11.2017

     AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov Qazaxıstan Respublikasında səfərdə olub. Səfər Qazaxıstanın Karaqanda şəhərində yerləşən “Fitokimya” beynəlxalq elmi-istehsalat holdinqi və AMEA Botanika İnstitutu arasında cari ildə imzalanmış elmi-texniki əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib. Səfərin məqsədi holdingin fəaliyyəti ilə yaxından tanış olmaq, gələcəkdə aparılacaq birgə işlərin planını müzakirə etmək, həmçinin, Azərbaycanın bitki ehtiyatlarının öyrənilməsində alınan nəticələrin perspektivliyini göstərmək və onların tədbiqini müəyyənləşdirməkdən ibarət olmuşdur.

     Holdingin rəhbəri, akademik Serqazı Mınjasaroviç Adekenovun və kollektivin iştirakı ilə keçən görüşdə E.Novruzov “Azərbaycanın bitki ehtiyatları, onların perspektivliyi və problemləri” mövzusunda məruzə ilə çıxış edib. Səfər müddətində Holdinqdə kimyəvi, bioloji və farmokoloji sahələr üzrə tədqiqatların aparıldığı müasir laboratoriyların ilə yaxından tanış olub.

     Həmçinin, E.Novruzov “Fenol birləşmələrin kimyası” və “Analitik-kontrol işlər və fiziki tədqiqat metodları" laboratoriyalarında fiziki-kimyəvi, xromatoqrafik və spektroskopik metodlardan istifadə edərək müştərək təcrübə aparıb və bitki obyektlərinin polifenol birləşmələrinin tərkibini müəyyən edib.

    Qeyd edək ki, “Fitokimya” holdingi dünya standartları səviyyəsində 11 müasir laboratoriyadan və əczaçılıq zavodundan ibarət kimyəvi, fitokimyəvi, farmokoloji tədqiqatlar aparan və alınmış nəticələrin təcrübədə tətbiqini reallaşdıran böyük müəssisədir.