Yanvar ayının 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradovun 60 yaşı tamam olur.
İlham Şahmuradov 1958-ci ildə Qubadlı rayonunda anadan olub. 1974-cü ildə Qubadlı qəsəbəsindəki Qara İlyasov adına orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub.
O, elmi fəaliyyətinə 1979-cu ildə akademik Cəlal Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində başlayıb. 1981-1982-ci illərdə Rusiyanın Novosibirsk şəhərindəki SSRİ Elmlər Akademiyası Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda molekulyar biologiya və genetikada riyazi üsulların və kompüterlərin tətbiqi sahəsində təcrübə keçib. 1984-cü ildə genlərin ekspressiasını (“işləməsini”) gücləndirən enhanser elementləri üzrə nəzəri “pioner” elmi işinə görə gənc tədqiqatçılar institut müsabiqəsinin qalibi olub.
1987-ci ildə İ.Şahmuradov Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda namizədlik, 2005-ci ildə isə AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə “Bioinformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
Alim 1987-2002-ci illərdə AMEA Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları fundamental problemləri (hazırda Bioloji məhsuldarlığın fundamental problemləri) şöbəsində çalışıb. 2002-ci ildən isə akademik Cəlal Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda yaradılmış ilk və yeganə Bioinformatika laboratoriyasının müdiridir.
İ.Şahmuradov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Bakı Dövlət Unversiteti, Azərbaycan Tibb Universiteti və Xəzər Universitetində molekulyar biologiya və genetika, bioinformatika üzrə bir sıra ümumi və ixtisas kurslarını tədris edib. 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin professoru olub.
Alim 1999-cu ildə Birləşmiş Krallığın Sanger elmi mərkəzində, 2000-2001-ci illərdə Yaponiyanın Heliks Tədqiqat İnstitutunda və 2001-2005-ci illərdə London Universitetinin Royal Hollovey kollecinin Kompüter Elmləri Departamentində tədqiqatçı kimi çalışıb. 2007-2010-ci illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunun professoru olub. 2015-2016-cı illərdə isə o, Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində elmi tədqiqatlar aparıb.
1980-ci ildən indiyədək İ.Şahmuradovun molekulyar biologiya, genetika və bioinformatika sahələrindəki elmi araşdırmaları əsasən 2 istiqamətdə olub: DNT-nin transkripsiyasının axtarışı, həmçinin genlərin genomda təşkili və ekspressiyasının araşdırılması üçün müxtəlif bioinformatik analiz vasitələrinin - məlumat bazaları və metodların yaradılması; bioinformatik analiz vasitələrinin köməyi ilə eukariot orqanizmlərin və bakteriyaların genomlarının quruluş, funksional və təkamül xüsusiyyətlərinin müəyyənləşdirilməsi.
İ.Şahmuradov xarici həmkarları ilə birgə 1980-ci ildə dünyada ilk dəfə olaraq insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının fərdi və müqayisəli kompleks kompüter analizini aparıb, onların bir sıra quruluş və təkamül xüsusiyyətləri aşkar edib. Bitki promotorları üzrə PlantProm məlumat bazası, bir sıra kompüter metodları yaradılıb. Buna misal olaraq, ali bitkilər və bakteriyalarda transkripsiyanın start nöqtələrinin aşkar edilməsi üzrə 2016-2017-ci illərdə İ.Şahmuradovun və həmkarlarının yaratdığı TSSPlant və bTSSfinder proqramlarını göstərmək olar. TSSPlant və bTSSfinder proqramları bu sahədə ən dəqiq proqnozlaşdırma vasitələridir.
Hazırda alim AMEA-nın “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” elmi proqramının iştirakçısıdır. O, Azərbaycan, Avstraliya, Misir, ABŞ və Rusiya alimlərindən ibarət beynəlxalq qrup tərəfindən ölkəmizin rəmzlərindən sayılan nar bitkisinin Gülöyşə sortunun nüvə genomunun oxunmuş ilkin versiyasının bioinformatik analizi üzrə işlərə rəhbərlik edir.
İ.Şahmuradov 60-dan çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 3 namizədlik dissertasiyası müdafiə olunub. Alim Bioinformatika terminləri üzrə Azərbaycan dilində ilk lüğətin müəllifidir.
O, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin baş katibidir.
2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Görkəmli alimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.