Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AMEA Rəyasət Heyətinin iclasında İctimai Elmlər Bölməsinin (İEB) illik hesabatına dair fikirlərini bölüşüb. Bildirib ki, son zamanlar akademiyada humanitar sahədə həyata keçirilən islahatlar İEB-in yaradılmasını zəruri etmişdir. Hesabatda öz əksini tapan faktlar, aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətləri bölmənin səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.
Y.Mahmudov ölkə Prezidenti İlham Əliyevin YAP-ın VI Qurultayında tarix elminə dair səsləndirdiyi fikirləri xatırladıb. Bildirib ki, dövlət başçısının məruzəsində Azərbaycan alimlərinin qarşısına tarix elminin inkişafına dair strateji hədəflər, konkret vəzifələr qoyulmuşdur.
Alimin sözlərinə görə, son zamanlar AMEA-da əldə olunan ən böyük nailiyyətlərdən biri də gənclərin elmə cəlb olunması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdir. O, bu istiqamətdə AMEA-da yaradılmış magistratura təhsilinin əhəmiyyətini xüsusi qeyd edib.
Akademiyada fəaliyyət göstərən alimlərin elmi əsərlərinin dünyanın nüfuzlu jurnallarında çapı məsələsinə toxunan Y.Mahmudov ölkə elminin dünya elminə inteqrasiyası üçün bu sahədə ciddi tədbirlərin görülməsinin önəmini vurğulayıb. Həmçinin əldə olunan elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə operativ çatdırılmasının vacibliyini diqqətə çatdırıb.